|
|
Əlibəyov
Ənvər Əliverdi oğlu – şair, 1939-cu ildən
Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1916-cı
il aprelin 1-də Bakıda fəhlə ailəsində doğulmuşdur.
Yeddiillik məktəbi bitirib tibb politexnikumunun əczaçılıq
fakültəsində, ADU-nun fəhlə fakültəsində
(1934 - 1937) təhsil almışdır. Sonra Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinə
daxil olmuşdur.
1936-cı ildə kiçik yaşlı uşaqlar üçün
şerlər yazır, onları dövri mətbuatda arabir
çap etdirir.
1938-ci ildə radio verilişləri komitəsində işə
girir, orada ədəbi dram bölməsində redaktor vəzifəsində
çalışır.
1941-ci ilin avqustunda səfərbərliyə alınır,
416-cı atıcı diviziyanın tərkibində ağır
döyüş yolu keçir. Qafqaz və Ukraynanın azad
olunmasında fəal iştirak edir. «Vətən müharibəsi»
(II dərəcəli), «Qırmızı ulduz» ordenləri,
«Qafqazın müdafiəsinə görə», «Almaniya üzərində
qələbəyə görə» medalları ilə təltif
olunur.
1944-cü ilin iyulunda ağır yaralandığı üçün
ordu sıralarından tərxis edilir. 1944 – 1945-ci illərdə
«Vətən uğrunda» jurnalının məsul katibi
işləyir. «Təbliğatçı» jurnalında məsul
katib, sonra isə Azərbaycan Radio Verilişləri Komitəsində
ədəbi dram redaksiyasında redaktor işləyir.
1948-ci ilin noyabrında «Ədəbiyyat qəzeti»ndə
məsul redaktor, 1951-ci ilin martından «İnqilab və
mədəniyyət» jurnalında şöbə müdiri
işləyir. İlk şerlər kitabı «Qaranquş»
1947-ci ildə nəşr olunmuşdur. Rus klassiklərdən
Puşkin və Nekrasovun şerlərini doğma dilə
çevirmişdir. 1968-ci il mayın 7-də qəflətən
vəfat etmişdir.
|
 |