OXUCULARA
Ensiklopediya "KİTABİ-DƏDƏ
QORQUD" haqqında çoxsaylı faktlar və
biliklərin bir yerə toplanaraq sistemli şəkildə
təqdimi baxımından dünya qorqudşünaslığı
tarixində göstərilən ilk cəhddir.
Aparıcı qüvvələrin cəlb edilməsi
yolu ilə türkologiyanın son nailiyyətləri
əsasında hazırlanmış bu ensiklopediya
iki əsas məqsəd daşıyır. Bir
tərəfdən o, oxucuya Azərbaycan xalqının
bənzərsiz eposu - "Kitabi-Dədə Qorqud"u
daha yaxından tanıması və başa
düşməsinə kömək edən
məlumat xarakterli lazımi material verir, digər
tərəfdən isə oxucuların bu monumental
abidəyə olan dərin marağını
ödəməyə, dastanın bədii ədəbiyyat,
təsviri sənət və başqa sahələrlə
qarşılıqlı əlaqələrini
aşkar etməyə imkan yaradır.
Ensiklopediyanın hazırlanması
zamanı Redaksiya Şurası bir sıra problem
və çətinliklərlə qarşılaşdı.
Bunların həlli prosesində məlum oldu
ki, "Kitabi-Dədə Qorqud"la bağlı bir
çox fəlsəfı, tarixi, ədəbi
və sair anlayışlar ya bütün təfərrüatı
ilə açıqlanmır, ya da ki, bu və
ya digər məsələyə münasibətdə
ayrı-ayrı fıkirlər bəzən biri-birindən
fərqlənir.
Ensiklopediyada vahid bir düzümdə
təqdim olunan geniş elmi material və məlumatlar
təbii olaraq "Kitabi-Dədə Qorqud"la bağlı
bir çox prinsipial məsələlərə
müxtəlif konseptual münasibətlərin
mahiyyətindən doğan baxışların
rəngarəngliyini də öz bərabərində
gətirir. Ensiklopediyanı tərtib edənlər
qarşılarına "Kitabi-Dədə Qorqud"
tədqiqatçılarının bir-birindən
fərqli baxışlarını hamarlayıb
vahid bir məxrəcə gətirmək vəzifəsini
qoymamış, əksinə, mövcud olan fıkir
ayrılıqlarının, alimlərin mövqelərinin
qorunub saxlanılmasma çalışmışlar.
"Kitabi-Dədə Qorqud" kimi möhtəşəm
abidə xalqımızın, eləcə də
bütün türk xalqlarının mənəvi-əxlaqi
dəyərlərinin ən dərin qatlarda
mötəbər qaynağı sayıla bilər.
Bu baxımdan "Kitabi-Dədə Qorqud"
ensiklopediyası əslində bütövlükdə
türk dünyasının, habelə ayrı-ayrılıqda
hər bir türk xalqının tarixinin, həyatının
bir çox cəhətlərini özündə
əks etdirməlidir. Belə olsaydı, onda
ensiklopediya onlarla cilddən ibarət bir seriya
təşkil edərdi. Bu isə, sözsüz,
gələcəyin işidir... Ensiklopediya iki
cilddən ibarətdir. Birinci cildə abidənin
daha qədim və mükəmməl sayılan
Drezden nüsxəsi əsasında latın
qrafikası ilə hazırlanmış mətni
daxil edilmişdir. Mövcud mətnə izahlı
lüğət yazılmışdır. Birinci
cilddə həmçinin əlyazmanın Drezden
və Vatikan nüsxələrinin faksimilesi
verilmişdir.
Cilddə mətnin tərtib prinsipləri,
dastanın lüğət tərkibi, semantik
xüsusiyyətləri, orfoqrafıya sistemi
haqqında məqalələrin verilməsi
mətnin daha yaxşı başa düşülməsinə
kömək edir. Drezden və Vatikan nüsxələrinin
hər birinin səciyyəvi cəhətlərinə
həsr olunmuş ayrı-ayrı məqalələr
və nüsxələrin müqayisəsində
əldə edilən nəticə və ümumiləşdirmələr
dastan haqqında daha dolğun təsəvvür
yaradır. Xüsusilə qeyd edilməlidir ki,
abidənin nəşri tarixində ilk dəfə
olaraq həmin nüsxələr orijinalın
bütün xüsusiyyətlərini qorumuşdur.
İkinci cild bilavasitə ensiklopedik səciyyəli
məqalə və məlumatları əhatə
edir.
Burada verilən bir sıra məqalələr
elmi-tədqiqat xarakteri daşıyaraq qorqudşünaslıq
tarixində ilk dəfə çap olunur. Materiallar
mövcud prinsiplərə uyğun olaraq əlifba
sırası ilə düzülmüşdür.
Sözlükdə tarixi, fəlsəfı,
etik, estetik dəyərlərin açılmasma,
abidənin ideya-məzmun siqlətinin üzə
çıxarılmasına və onlarla bu qəbil
problemlərin aşkarlanmasına həsr olunmuş
məqalə və məlumatlara əsas yer
verilmişdir. Dastanlardakı çoxsaylı
obrazların daşıdıqları adların
etimoloji baxımdan öyrənilməsi, abidənin
əhatə etdiyi onlarla toponimlərin müəyyənləşdirilib
şərh edilməsi və bu kimi başqa
məsələlər də diqqətdən
yayınmamışdır.
İkinci cilddə həmçinin
"Kitabi-Dədə Qorqud"un tədqiqi ilə məşğul
olan alimlər haqqında qısa bioqrafık
xarakterli məlumatlar verilmiş, onların sırf
dastanla bağlı araşdırmaları nəzərə
çatdırılmışdır. Buraya, eləcə
də, "Kitabi-Dədə Qorqud" boylarının
motivləri əsasında yazılmış
dram, nəsr, musiqi əsərləri və
onların müəllifləri haqqında məqalələr
daxil edilmişdir.
Cilddə Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin "Kitabi-Dədə
Qorqud"un 1300 illik yubileyinin keçirilməsi ilə
bağlı imzaladığı fərman və
sərəncam, Dövlət Komissiyasının
işi, yubileyin ümumdünya miqyasında
keçirilməsi barədə YUNESKO-nun qərarı
haqqında məlumat da verilmişdir. Bununla
yanaşı, "Kitabi-Dədə Qorqud"la bağlı
keçirilmiş elmi konfrans, simpozium, seminar və
digər tədbirlər haqqında da məlumatlar
vardır.
İkinci cildin sonunda isə yenə
də qorqudşünaslıq tarixində ilk
dəfə olaraq "Kitabi-Dədə Qorqud" haqqında
biblioqrafıya təqdim edilmişdir. Cilddəki
əksər məqalələrin sonunda da bu
və ya digər məsələ ilə bağlı
ədəbiyyat göstərilir. Ensiklopediyanın
yazılmasında iştirak etmiş bütün
müəlliflərin siyahısı ilə
yanaşı, əksər məqalələrin
müəlliflərinin adları məqalə
sonunda verilmişdir. Ümumi başlıqlarla
yazılmış bəzi materiallar əlifba
sırası ilə ensiklopediyada səpələndiyindən
onları yazanların adları "Müəlliflər"
siyahısına daxil edilmişdir. Ensiklopediyadakı
illüstrativ materiallar, "Kitabi-Dədə Qorqud"un
təsviri sənətdə, kinoda, teatr səhnəsində
canlandırılmış obrazlar aləmini
əks etdirir.
Təqdim olunan ensiklopediya dastanın
1300 illik yubileyinin keçirildiyi mərhələyə
qədər görülmüş işlərin,
aparılmış elmi araşdırmaların
bir növ yekunu olaraq Azərbaycan tarixi və
ədəbiyyatı üzrə mütəxəssislərə,
geniş ziyalı kütləsinə, ali və
orta məktəb müəllimlərinə,
tələbələrə, bütövlükdə
"Kitabi-Dədə Qorqud" ilə maraqlanan hər
bir oxucuya ünvanlanıb. Ensiklopediyanın
bu nəşri qorqudşünaslıqda yeni
mərhələnin - dastanm daha geniş və
daha dərin elmi araşdırmalar mərhələsinin
təməlini qoyur. Ümid etmək olar ki,
ensiklopediya abidənin gələcək araşdırıcılarının
yoluna işıq tutacaq və daha fundamental tədqiqatlar
üçün zəmin yaradacaqdır.
Ensiklopediyanın yaradıcı qrupu
bu olduqca məsul nəşrin çapa hazırlanmasına
öz köməkliyini göstərmiş bütün
şəxslərə, təşkilatlara minnətdarlığını
bildirir və Kral kitabxanasında saxlanılan
Drezden nüsxəsinin nəfıs hazırlanmış
surətini "Kitabi-Dədə Qorqud"un 1300 illiyi
münasibətilə Drezdendə keçirilən
təntənələrə dəvət olunmuş
Azərbaycan nümayəndə heyətinə
hədiyyə edən Saksoniya əyalətinin
və Kral kitabxanasının rəhbərliyinin
xidmətlərini xüsusi qeyd edir.
"Kitabi-Dədə Qorqud"un ikicildlik
ensiklopediyası ilk təcrübə olduğundan,
şübhəsiz ki, bir sıra qüsur və
çatışmamazlıqlardan da xali deyildir.
Yaradıcı heyət bunların gələcək
nəşrlərdə aradan qaldırılması,
"Kitabi-Dədə Qorqud"a layiq daha mükəmməl
ensiklopediya yaradılması üçün
rəy və təkliflərini, arzu və istəklərini
bildirəcək bütün oxuculara irəlicədən
minnətdarlığını bildirir.