Qəzəllər.   Füzuli


 
   

Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Qamu bimarinə canan, dəvayi-dərd edər ehsan,
Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?

Qəmin pünhan tutardım mən, dedilər yarə qıl rövşən,
Desəm ol bivəfa bilmən, inanarmı inanmazmı?

Şəbi hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqı əfğanım, qara bəxtim oyanmazmı?

Güli-rüxsarinə qarşu, gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

Deyildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil, səni görcək utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadən usanmazmı?