Qəzəllər.   Xaqani


 
   

Hanı bir yel, apara könlü gülüstanə tərəf
Tutaraq bəlkə yaxamdan çəkə cananə tərəf.

Ürəyim düşdü iki dərdü bəla ortasına,
Gah gedər kakilə, gah zülfi-pərişanə tərəf.

Can çətinliklə çıxır, başımın üstə tez gəl,
Gözlərin tez aparar canımı müjganə tərəf.

Yusifi cəzb elədi, bil ki, Züleyxa yuxusu,
Çəkdi Kənandan onu Misrə, o samanə tərəf.

Xəbər et nazlı kamandarə ki, öz şəstilə
Çəkə bu qəlbimi bir ləhzədə peykanə tərəf,

Mən susuz qalmışam, əfsus, pərəstarım yox
Ki, çəkə ləblərimi çahi-zənəxdanə tərəf.

O xumar gözləri heç meylə ayılmaz, əsla,
Bir cam aşiq qanı içsə, əl atar canə tərəf.

Biz onun xəncərinə hazır olan qurbanıq,
Kaş ki, bir ləhzə baxa biz kimi qurbanə tərəf.

Ağlayarsa belə bir nalə ilə Xaqani,
Qorxuram göz yaşı çəksin onu tufanə tərəf.