|
|
(26.5.1914,
Qaryagin, indiki Füzuli ş.-1996, Bakı)– Azərbaycan
yazıçısı. Azərbaycan xalq yazıçısı
(1979) və əməkdar incəsənət xadimi (1960).
Azərbaycan Dövlət mükafatı laureatı (1972).
Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsini
bitirmişdir (1938). «Kənddən məktublar» adlı
ilk povest və hekayələri «Aydınlıq gecələr»
(1945) kitabında toplanmışdır.
Yeni ictimai proseslər, adamların psixologiyasında baş
verən dəyişikliklər, yeniliklə köhnəliyin
mübarizəsi «İşıqlı yollar» (1947), «Bahar
suları» (1948), «Atayevlər ailəsi» (1954) pyeslərinin
əsas mövzularıdır. «Söyüdlü arx» (1958),
«Körpüsalanlar» (1960), «Dağlar arxasında üç
dost» (1963) romanlarında zəngin mə‘nəviyyatlı
müasirlərimizin dolğun bədii obrazları yaradılmış,
şüurlardakı gerilik, mühafizəkar təsəvvürlər
tənqid edilmişdir.
«Sarıköynəklə Valehin nağılı» (h. 1–2,
1976–78) romanında «şəxsiyyət və cəmiyyət»
mövzusu müasir ideya–estetik tələblər səviyyəsində
həll olunmuşdur. Müasir mə‘nəvi-əxlaqi problemlərdən
söhbət açan «Sən həmişə mənimləsən»
(1964), «Mənim günahım» (1967), «Unuda bilmirəm» (1968),
«Məhv olmuş gündəliklər» (1969), «Qəribə
oğlan» (1973), «Bağlardan gələn səs» (1976) pyesləri
Azərbaycan dramaturgiyasında psixoloji dramın nümunələridir.
«Mahnı dağlarda qaldı» (1971) pyesi Azərbaycanda inqilabi
mübarizə və Sovet hakimiyyətinin qələbəsindən
bəhs edir. Əmək adamlarına həsr olunmuş
oçerkləri və ədəbi tənqidi məqalələri
də var.
Əsərləri bir sıra xarici dilə tərcümə
edilmiş, dramları bir sıra teatrların səhnəsində,
«Sən həmişə mənimləsən» pyesi isə
Bolqarıstanda tamaşaya qoyulmuşdur.
Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı,
«Şərəf nişanı» ordenləri və medallarla
təltif edilmişdir.

|
 |