Hörmətli qurultay!
Əziz yazıçılar!
Hörmətli xanımlar və
cənablar!
Mən sizi səmimi qəlbdən
salamlayıram və yazıçılar
qurultayının işinin müvəffəqiyyətlə
getməsi münasibətilə sizi ürəkdən
təbrik edirəm. Yazıçılar
qurultayının işə başlaması
və bu salona çoxsaylı nümayəndələrin
toplaşması, Azərbaycan ədəbiyyatının
problemlərinin, eyni zamanda respublikamızın
həyatının bəzi sahələrinin
müzakirə olunması ictimaiyyətimizin,
cəmiyyətimizin həyatında əlamətdar
bir hadisədir.
Mən çox sevinirəm və
xoşbəxtəm ki, ilk dəfə Azərbaycan
yazıçılarının qurultayında
27 il bundan əvvəl nitq söyləmişəm,
o qurultayın iştirakçısı
olmuşam və ondan sonrakı qurultaylarda
da daim iştirak etmişəm, yazıçılarımızla,
şairlərimizlə, mədəniyyət
xadimləri ilə bir yerdə olmuşam,
bu gün də sizinlə bir yerdəyəm.
Mən 1971-ci ildə Azərbaycan
yazıçılarının qurultayında
ilk dəfə Azərbaycanın rəhbəri
kimi iştirak edirdimsə, ondan əvvəlki
qurultaylarda da kənarda olmamışdım.
O zaman mən Azərbaycanın rəhbəri
deyildim, başqa vəzifələr tuturdum,
ancaq yazıçıların qurultaylarını
daim izləyirdim və imkan olanda gəlib
salonda oturub yazıçıları dinləyirdim.
Mən hər dəfə yazıçılarımızın
görüşlərinə gedirdim və
onlarla görüşməyi özüm
üçün böyük bir hadisə
hesab edirdim.
...Biz eyni zamanda 63 il müddətində
- 1934-cü ildən indiyədək yazıçılar
qurultaylarının keçdiyi yolu da yüksək
qiymətləndirməliyik.
...Bilirsiniz, bu gün ümumiyyətlə
müstəqillikdən danışarkən
ədəbiyyatımızın xalqımız
üçün nə qədər zəngin
sərvət olduğunu qeyd etmək lazımdır.
Bizim ədəbiyyatımız, mədəniyyətimiz
xalqımızın milli sərvətidir
və intellektual mülkiyyətidir.
...Nizami, Xaqani, Nəsimi, Füzuli,
Vaqif, Mirzə Fətəli Axundov, Seyid
Əzim Şirvani, Nəcəf bəy Vəzirov
- bunlar hamısı XX əsrə qədər
yaşayıb-yaradıblar. Amma XX əsrdə
də bizim böyük şəxsiyyətlərimiz
olubdur. XIX əsrin sonu, XX əsrin əvvəli
Azərbaycan ədəbiyyatının
çox böyük, zəngin bir dövrü
olubdur. Bu gün ədəbiyyatımız
haqqında danışarkən biz bu dövrü
çox yüksək qiymətləndirməliyik.
Yazıçılar Birliyi ilə
bu əlaqələrimi şəxsən
mən özüm üç mərhələyə
bölürəm. Birinci mərhələ
həmin illərdir ki, - xatirimdədir,
bir dəfə biz o vaxtkı Siyasi Maarif
evində qurultay keçirdik, sonra başqa
yerdə keçirdik. Xatırladılar ki,
1981-ci ildə qurultayı burada, bu salonda
keçirdik, - o mərhələ idi ki,
mən Azərbaycana rəhbərlik edirdim
və qurultayın işində Azərbaycanın
rəhbəri kimi iştirak edirdim. İkinci
mərhələ 1991-ci ildə sizin qurultayın
işində mənim qısa müddətdə
iştirak etməyimdir. Yadınızdadır
ki, o zaman mən vəzifədə deyildim,
amma siz məni qurultayınıza yenə
dəvət etdiniz. Elmira xanım mənə
bildirdi ki, Yazıçılar Birliyinin qurultayı
var, məni oraya dəvət ediblər.
Ondan xahiş etdim, dedim ki, sən
bir daha dəqiqləşdir. Sonra o mənə
zəng edib dedi ki, mən Anar müəllimlə
bu barədə danışdım. Anar
müəllim dedi ki, biz onu ürəkdən
dəvət etmişik ki, bu, formal bir xarakter
daşımır, ona görə də
əgər gəlsə, biz məmnun olarıq.
Mən bundan sonra ürəkləndim, dedim
ki, əgər belədirsə, pis olmaz,
gedim görüm yazıçılar necədirlər.
Gəldim.
Mən bu faktı niyə bir
də xatırlayıram? Çünki müqayisə
etmək istəyirəm. Mən o dövrdə,
fevral-mart aylarında Ali Sovetin sessiyasında
olmuşdum. Xatirinizdədir, Ali Sovetin sessiyasında
o salonda oturanların 99 faizi mənimlə
bir yerdə və mənim rəhbərliyim
altında işləmiş adamlar idilər.
Ancaq orada mənə çox hörmətsizlik
etdilər, pis münasibət göstərdilər.
Ancaq o vaxt cəsarət edib çox
kəskin çıxış edən Bəxtiyar
Vahabzadə oldu. Ancaq baxın, - o, həmin
insanların münasibəti, bu da şairin
münasibəti. Nəhayət, Ali Sovetdə,
o sessiyada, o salonda, - hansı ki, həmin
binanı vaxtilə mən tikib yaratmışdım,
o salonda ki, orada məni həmişə
böyük hörmət, ehtiramla qarşılayırdılar,
- ancaq orada mənə qarşı o qədər
hörmətsizlik və ədalətsizlik
olduğu halda, Filarmoniyanın salonunda,
yazıçılar qurultayında mənə
çox mehribanlıq, çox istiqanlılıq,
çox yüksək hörmət göstərildi.
O vaxt mənim imkanım olmadı
ki, belə təşəkkür edim. Altı
il keçəndən sonra məhz o hadisəyə
görə mən sizin hamınıza təşəkkür
edirəm. Çox sağ olun. Üçüncü
mərhələ isə indiki mərhələdir,
Azərbaycanın dövlət müstəqilliyi,
azadlığı şəraitində
keçirdiyimiz ilk qurultayıdır və
mənim burada iştirak etməyimdir.
...Bilirsiniz, bizim ədəbiyyatımızın
xalqımıza etdiyi ən böyük
xidmət ondan ibarətdir ki, şairlərimiz,
yazıçılarımız öz əsərləri
ilə Azərbaycanda, xalqımızda,
millətimizdə daim milli hissiyyatları
oyatmağa çalışmışlar.
Milli özünüdərk, milli oyanış,
dirçəliş prosesi xalqımıza
birinci növbədə ədəbiyyatdan
keçir. Bəzi əsərlər var ki,
onlar açıq-açığına xalqımıza
milli dirçəliş, oyanış hissiyyatlarını
çatdırıbdır: Bəxtiyar Vahabzadənin,
Xəlil Rzanın, başqalarının
əsərləri.
Amma digər əsərlər
isə dolayısı ilə, ayrı-ayrı
fikirlərlə millətimizdə vətəni
sevmək, vətənə sadiq olmaq, Azərbaycanı
sevmək, azərbaycanlı olmaq hissiyyatlarını
yaradıbdır.
Bu, bizim şairlərimizin, yazıçılarımızın
əsərlərinin hamısından keçibdir.
Klassik adlandırdığımız Səməd
Vurğunun əsərlərindən də,
Rəsul Rzanın əsərlərindən
də, Süleyman Rüstəmin əsərlərindən
də, Məmməd Rahimin əsərlərindən
də, Osman Sarıvəllinin əsərlərindən
də, Süleyman Rəhimovun, Mehdi Hüseynin,
Əbülhəsənin, Əli Vəliyevin,
Mir Cəlalın, İlyas Əfəndiyevin,
Mirvarid Dilbazinin əsərlərindən
də keçibdir. ...37-38-ci illərdə
bizim ədəbiyyatımıza böyük
zərbə vuruldu, böyük itkilərimiz
oldu. Hüseyn Cavid, Mikayıl Müşfiq,
Əhməd Cavad, Çəmənzəminli
və başqaları 37-38-ci illərin
qurbanları oldu. Ancaq mən ondan sonrakı
ədəbiyyatı inkişaf etdirən
yazıçılarımızı, şairlərimizi
deyirəm. Onların əsərlərində
milli hissiyyatlar həmişə olmuşdur.
Elə burada, rəyasət heyətində
oturan şairlərimizin, yazıçılarımızın
əksəriyyətində biz bunları
hiss etmişik. ...Bu gün müstəqil
bir dövlət kimi ən fəxr etdiyimiz
bir də odur ki, bizim gözəl Azərbaycan
dilimiz var. Azərbaycan dilinin formalaşmasında,
inkişaf etməsində, bugünkü
səviyyəyə çatmasında yazıçılarımızın,
şairlərimizin, ədəbiyyatşünasların,
dilçi alimlərin böyük xidməti
var. Bu gün danışdığımız
dil 20-ci ildə danışılan dil deyil.
|