2009-cu ildə Azərbaycan Yazıçılar
Birliyinin yaradılmasının və bu
təşkilatın ədəbi orqanı
“Ədəbiyyat qəzeti”nin nəşrə
başlamasının 75 illiyi tamam olur.
Azərbaycan Yazıçılar
Birliyi fəaliyyətə başladığı
vaxtdan etibarən müxtəlif sınaqlardan
keçərək Milli ədəbiyyatın,
ana dilinin qorunub yaşadılmasında
böyük xidmətlər göstərmişdir.
Təşkilat bu illər ərzində
həmişə xalqımızın mədəniyyəti
tarixini və mənəvi sərvətlər
xəzinəsini bədii - estetik düşüncənin
bir çox qiymətli nümunələri
ilə zənginləşdirmək işində
öz vəzifəsini layiqincə yerinə
yetirmişdir. Azərbaycan Yazıçılar
Birliyinin ədəbi orqanı kimi “Ədəbiyyat
qəzeti” söz sənəti problemlərinə,
klassik irsə və aktual yaradıcılıq
məsələlərinə dair səhifələrində
dərc etdiyi yazılarda müasir ədəbi
prosesə töhfələr vermişdir.
Azərbaycanın mədəni
həyatında rolunu və ölkə
ədəbi - ictimai fikrinin inkişafında
əhəmiyyətini nəzərə
alaraq Azərbaycan Yazıçılar Birliyinin
yaradılmasının və “Ədəbiyyat
qəzeti”nin nəşrə başlamasının
75 illik yubileyini ölkə miqyasında
qeyd olunmasını təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Yazıçılar Birliyi ilə
bərabər Azərbaycan Yazıçılar
Birliyinin yaradılmasının və bu
təşkilatın ədəbi orqanı
olan “Ədəbiyyat qəzeti”nin nəşrə
başlamasının 75 illik yubileyinə
həsr edilmiş tədbirlər planı
hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll
etsin.
3. Bu sərəncam imzalandığı
gündən qüvvəyə minir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
18 may 2009-cu il
|