Yetmiş
ildir ki, Azərbaycan Yazıçılar
təşkilatı Xaqani küçəsində,
25 nömrəli evdə yerləşir.
Xaqani küçəsi Bakının
mühüm özəlliklərə malik
küçəsidir. Məhz bu küçədə
bir neçə Yaradıcılıq İttifaqı,
bir neçə mədəniyyət ocağı
fəaliyyət göstərir.
Xaqani küçəsinin o başında
- Rəsul Rza və Nigar Rəfibəyli
küçələrinin kəsişdiyi
yerdə məşhur Kitab pasajı yerləşir.Mən
bu kitab pasajının üstündəki
evin üçüncü mərtəbəsində,
atamın mənzilində böyümüşəm
və ilk kitabları da aşağıdakı
dükandan almışam.
Xaqani küçəsinin bu başından
o başına gedən yol – müəyyən
mənada elə mənim ömür yolumdur.
Kitab pasàjından bir tin o yana Xaqani küçəsində
Səməd Vurğun adına Rus dram teatrı
yerləşir. Bu teatrda mənim iki pyesim
tamaşaya qoyulub.
Teatrla bitişik binada, indi İraq
səfirliyi olan binada, vaxtilə Memarlar
İttifaqı yerləşirdi. 1967-ci ildə
“Qobustan” toplusu yaradıldı və mən
onun baş redaktoru təyin olundum. Memarlar
İttifaqı redaksiyamızı qonaqpərvərliklə
qəbul etdi, işləməyimiz üçün
iki otaq ayırdı.
Bu binayla üzbəüz Teatr
Xadimləri İttifaqı və Aktyor evi
yerləşir. Sonralar “Qobustan” redaksiyası
Aktyor evinə köçdü, bir müddət
sonra isə mən Teatr cəmiyyəti
(o vaxt belə adlanırdı) sədrinin
birinci müavini seçildim.
Xaqani küçəsiylə
bir tin də getsək, Rəssamlar İttifaqının
qarşısına gələcəyik.
Yazıçılarla rəssamlar arasında
sıx dostluq əlaqələri var, tez-tez
bir-birimizin tədbirlərində iştirak
edirik. Eynilə Xaqani küçəsi 27
nömrəli binada yerləşən,
qapı qonşumuz Bəstəkarlar İttifaqıyla
da mehriban münasibətlərimiz var. Azərbaycan
bəstəkarlarının bir çox mahnıları,
opera və operettaları şairlərimizin,
yazıçılarımızın iştirakıyla
yaranıb. Bəstəkarlar İttifaqına
bitişik bina M.F.Axundzadə adına Dövlət
kitabxanasıdır. Buradakı zəngin
kitablıqda bizim əsərlərimiz də
qorunub saxlanılır, oxuculara çatdırılır.
Burada oxucularla görüşlərdə,
ayrı-ayrı tədbirlərdə yazıçılar
fəal iştirak edir.
Sözümün canı isə
əlbəttə, Xaqani küçəsində
25 nömrəli evdə yerləşən
Yazıçılar Birliyidir. Bu il təşkilatımız
yaranmasının 75 ilini qeyd edir. Bu yetmiş
beş ilə nəzər salanda Yazıçılar
İttifaqının tarixində şərəfli,
qürur doğuracaq səhifələrlə
yanaşı, uğursuz illərin acıları
da yada düşür. Şükür
ki, 37-ci ilin o amansız, qəddar toplantıları
bu binada keçirilməyib. Doğrudur, sonrakı
illərdə də burada qalmaqallı iclaslar
az olmayıb. Yadımdadır, hələ
Yazıçılar İttifaqında işləmədiyim
vaxtlarda buradakı bir toplantıda çıxış
edərək demişdim ki, mənim dünyada
qorxduğum bir yer varsa, o da Yazıçılar
İttifaqının bu Natəvan klubudur.
Çünki yeniyetməlik dövründən
burada keçirilən iclaslara gələrdim
və burada KİMLƏRİN KİMLƏR
haqqında NƏLƏR dediyini yada salanda,
doğrudan da, vahimələnirsən.
Amma nə olur olsun, əsəb
gərginliyi də, yersiz didişmələr
də, bir-birinə atılan daşlar da
zaman keçdikcə unudulub gedir, yalnız
həqiqi ədəbi meyarlar və ədəbi
dəyərlər qalır. 1991-ci ildən
etibarən Birlik adlanın Yazıçılar
İttifaqının fəaliyyətində
hər halda işıqlı cəhətlər
qaranlıq məqamlardan qat-qat çoxdur.
Sovet dövründə ən nüfuzlu
ictimai təşkilat kimi Yazıçılar
İttifaqı hər zaman dilimizin, mənəviyyatımızın,
milli varlığımızın keşiyində
durub, xalqımızın mühüm taleyüklü
məsələləri meydana çıxanda
ən gur səslənən yazıçı
sözü olub. 1990-1991-ci illərdə
Azadlıq meydanına gedən yollar bir
çox hallarda Yazıçılar ocağından
başlanır. O illər Xalq hərəkatının
önündə, ilk növbədə,
Azərbaycan yazıçıları gedirdilər.
Amma ondan qabaqkı illərdə də
xalqın milli şüurunun yetkinləşməsində,
həqiqi mənəvi dəyərləri
mənimsəməsində şeirimizin,
nəsrimizin, dramaturgiyamızın, tənqidimizin
müstəsna rolu var. Unudulmaz Öndərimiz
Heydər Əliyev çıxışlarında
bu cəhəti dönə-dönə
qeyd edib.
Çox çətin vaxtlarda Yazıçılar
təşkilatına rəhbərlik edən
insanların xidmətlərini unutmaq olmaz.
Mən onların adlarını hörmət
və ehtiramla çəkirəm: Məmmədkazım
Ələkbərli, Seyfulla Şamilov, Səməd
Vurğun, Rəsul Rza, Süleyman Rəhimov,
Mirzə İbrahimov, Mehdi Hüseyn, İmran
Qasımov, İsmayıl Şıxlı...
1987-ci il iyunun 18-də Yazıçılar
İttifaqının plenumunda mən təşkilatın
rəhbəri seçiləndən sonra
iş kabinetimdə İttifaqa müxtəlif
illərdə rəhbərlik etmiş bu
doqquz yazıçının portretlərini
asdım. Onların yanında bir portret
də asılıb – 1993-cü ildən
Birliyin birinci katibi vəzifəsini icra
edən, vaxtsız itirdiyimiz əziz dostumuz,
gözəl yazıçımız Yüsif
Səmədoğlunun portreti.
Bu gün yazıçılar
Birliyinin birinci katibi vəzifəsini başqa
bir istedadlı sənətkarımız,
Xalq şairi Fikrət Qoca icra edir. Onunla
və Yazıçılar Birliyinin digər
üç katibi – Arif Əmrahoğlu, Çingiz
Abdullayev, Rəşad Məcidlə, sədrin
müavini Nazim İbrahimovla – bəziləriylə
uzun illər, bəziləriylə son illər
tam anlaşıqlı və səmimi əməkdaşlıq
şəraitində işləyirik.
Yazıçılar Birliyinə
rəhbərlik etdiyim 22 il həm mənim
tərcümeyi-halımda, həm də
Yazıçılar Birliyinin tarixində
yəqin ki, ən çətin illər
idi. Bu illər ərzində biz bir-biriylə
daban-dabana zidd olan, iki çox fərqli ictimai
quruluşda yaşadıq və fəaliyyət
göstərdik – Sovet sistemində və
Azərbaycanımızın müstəqilliyi
dövründə. Kökündən dəyişən
ictimai-siyasi anlayışlar, iqtisadi durum,
mənəvi iqlim şəraitində Yazıçılar
Birliyinin yaradıcı təşkilat kimi
sifətini və bütövlüyünü
qoruyub saxlamağa çalışdıq
və buna nail olduq. Qarabağ məsələsi
ortaya atılan kimi buna qarşı ilk etiraz
səsini qaldıran ictimai təşkilat
Yazıçılar Birliyi oldu. O vaxtkı
mərkəzə – Moskvaya, ölkə
rəhbərliyinə göndərdiyimiz
məktublar, müraciətlər, Azərbaycan,
Moskva, Türkiyə televiziya kanallarıyla
çıxışlarımız, respubilka,
Rusiya, Türkiyə, bəzi Avropa ölkələri
mətbuatında çap etdirməyə
nail olduğumuz yazılarla Azərbaycanın
haqq səsini dünyaya çatdırmağa
çalışırdıq və xalqımızı
ayıq-sayıq olmağa çağırırdıq.
Xalq o vaxtkı iqtidardan əlini üzəndə
yolunu Yazıçılar Birliyinə salırdı.
Gündə neçə-neçə qaçqını,
köçkünü qəbul edir, onların
problemlərini imkanlarımız daxilində
həll etməyə cəhd göstərirdik,
bir qismini Şüvəlandakı Yaradıcılıq
evində yerləşdirdik.
Kommunist partiyasından başqa,
heç bir siyasi partiya fəaliyyət göstərmədiyi
illərdə Yazıçılar Birliyi
siyasi məsələlərə fəal
müdaxilə etməyi də öz boynuna
götürmüşdü. 1990-cı
ilin Qanlı Yanvar müsibəti haqqında,
Xocalı faciəsi haqqında Moskva mətbuatı
vasitəsilə dünyaya car çəkən
də Azərbaycan Yazıçılar Birliyi
oldu.
Hazırki dövrdə siyasi
partiyaların fəaliyyət göstərdiyi,
müxtəlif ictimai qurumların bolluğu,
mətbuat və söz azadlığı
dövründə Yazıçılar Birliyi
xalqımızın taleyüklü problemlərindən
yayınmadan əsas diqqətini yaradıcılıq
məsələlərinə yönəldir.
Yazıçılar Birliyi öz üzvlərinə
də onların partiya mənsubiyyəti
və siyasi əqidələri baxımından
deyil, yaradıcılıq nöqteyi-nəzərindən
yanaşır. Yəqin elə buna görə
də Moskvanın, Rusiyanın, əksər
keçmiş sovet respublikalarının
Yazıçılar təşkilatlarından
fərqli olaraq, bizim Birliyimiz dağılmadı,
parçalanmadı, bölünmədi,
əmlakını hərraca çıxarmadı.
Əgər sovet dövründə dörd
filialımız (o cumlədən, erməni
yazıçılarının Dağlıq
Qarabağ filialı) vardısa, indi Azərbaycanın
bütün bölgələrini, o cümlədən
Qarabağı əhatə edən on bir
filialımız var, Naxçıvan filialı
Yazıçılar Birliyi statusu alıb.
Moskvada, Borçalıda, İstambulda şöbələrimiz
fəaliyyət göstərir.
Mədəniyyət nazirliyilə
şərikli orqan olan “Ədəbiyyat
və incəsənət” qəzeti indi
yalnız Yazıçılar Birliyinin orqanı
- “Ədəbiyyat qəzeti”dir. Son zamanlar
“Ədəbiyyat qəzeti”nin bazasında
rus dilində aylıq “Ìèð ëèòåðàòóðû” qəzeti
də nəşr olunur. Əvvəllər
yalnız Mədəniyyət Nazirliyinin
orqanı olan “Qobustan” toplusu indi ancaq Yazıçılar
Birliyinin nəşridir. Ənənəvi
“Azərbaycan”, “Ëèòåðàòóðíûé Àçåðáàéäæàí”, “Ulduz”
jurnallarına “Qobustan”dan başqa “Dünya
ədəbiyyatı”, “Körpu”, “Mütərcim”
topluları da əlavə olunub. Azərbaycan
Yazıçılar Birliyinin israrlı və
inadlı səyləriylə Yazıçılar
Birliyi nəzdində Tərcümə
və ədəbi əlaqələr Mərkəzi
yaradıldı. Mərkəzin ilk sədri
görkəmli alim və tənqidçi,
rəhmətlik Aydın Məmmədov
Mərkəzin işini Yazıçılar
Birliyi rəhbərliyilə qarşılıqlı
hörmət və əməkdaşlıq
şəraitində qurmuşdu. Mərkəz
dünya ədəbiyyatının bir çox
örnəklərini orijinalın dilindən
çevirir, ayrıca kitablar şəklində
və ya “Xəzər” toplusunda nəşr
edir.
Birliyimiz Rusiyanın, Türkiyənin,
Ukraynanın, Gürcüstanın, Polşanın,
Rumıniyanın yazıçı təşkilatlarıyla
əlaqələr saxlayır, qarşılıqlı
nəşrləri təşkil edir. Moskvanın
“Äðóæáà íàðîäîâ” jurnalı, heç sovet dövründə
də baş tutmamış təşəbbüsdə
bulundu - bir nömrəsini bütünlüklə
Azərbaycan ədəbiyyatına həsr
etdi. Azərbaycan Yazıçılarının
əsərləri Türkiyənin müxtəlif
jurnallarında dərc olunur, kitablarımız
qardaş ölkədə nəşr edilir.
Azərbaycanda da bir çox Türk yazıçılarının
kitabları Yazıçılar Birliyinin
təşəbbüsüylə və
maliyyə yardımıyla çap olunub.
Son illərdə Yazıçılar Birliyi
Nazim Hikmətə, Çingiz Aytmatova həsr
olunmuş kitabları, rus dilində üç
cildlik “Azərbaycan şeiri antologiyası”nı
və başqa sanballı nəşrləri
meydana çıxarmışdır. Azərbaycan
yazıçıları müxtəlif
beynəlxalq tədbirlərdə fəal
iştirak edir və bir sıra xarici yazıçıları
Azərbaycana dəvət edirik. Nizamnaməmizə
son qurultaylarda edilən əlavəyə
görə dünyanın bir sıra ölkələrinin
görkəmli yazıçıları,
o cümlədən, Çingiz Aytmatov, Oljas
Suleymenov, Cavad Heyət Birliyimizin fəxri
üzvü seçilmişlər.
Birliyimizin ilk fəxri üzvü
isə Ümummilli liderimiz Heydər Əliyev
oldu. Sovet dönəmindən sonra və
1993-cü ilə qədər təşkilatımız
maddi baxımdan çox çətin dövrlər
yaşadı. Binamızın birinci mərtəbəsini
icarəyə verərək jurnallarımızı,
qəzetimizi saxlaya bildik.
Heydər Əliyev ikinci dəfə
hakimiyyətə gələndən sonra
Yazıçılar Birliyinin özü
də, onun ədəbi orqanları da dövlət
büdcəsinə qəbul edildi və
beləliklə, ədəbi mətbuatımız,
deməli, ədəbiyyatımız və
dolayısıyla ədəbi dilimiz xilas
olundu. Əvvəlki qurultaylarda iştirak
edən Heydər Əliyevi vəzifə
başında olmayanda da IX Qurultayımıza
dəvət etdik və o, qurultayda iştirak
etdi. 1997-ci ildə X qurultayımızda
Azərbaycanın Prezidenti kimi çıxış
edən Heydər Əliyev bu faktı minnətdarlıq
hissiylə xatırlayırdı. Heydər
Əliyevin Azərbaycan Yazıçılar
Birliyinin fəxri üzvü seçilməsində
onun illər boyu ədəbiyyat məsələləri
haqqında, ayrı-ayrı klassik və
müasir yazıçılarımızın
yubileylərində etdiyi dəyərli
çıxışları və məruzələri
də nəzərə alınırdı.
Ulu öndərimizin yolunu layiqli
şəkildə davam etdirən hörmətli
prezidentimiz İlham Əliyev də yazıçıların
və Yazıçılar Birliyinin problemlərinə
daima böyük diqqətlə və qayğıyla
yanaşır. Təklifimizlə Tərcümə
Mərkəzinin büdcəyə salınması,
binamızın əsaslı şəkildə
təmir olunması, 70 nəfər yazıçıya,
o cümlədən, 20 gəncə təqaüdlər
verilməsi bu diqqətin və qayğının
bariz örnəyidir.
Gənclərlə işi Yazıçılar
Birliyi fəaliyyətinin ən mühüm
sahələrindən biri sayır. X və
XI qurultaylarda Birliyin gənclər üzrə
katibləri seçildilər, Yazıçılar
Birliyində Elçin Hüseynbəylinin
rəhbərliyi ilə Gənclər şurası
yaradıldı, “Ulduz” jurnalı bütünlüklə
gənclərin ixtiyarına verildi.
Aydın dərk edirik ki, gənclər
ədəbiyyatımızın gələcəyidir.
Bu gələcəyin necə, nə qədər
sağlam və xalq üçün gərəkli
olması isə əhəmiyyətli dərəcədə
bizlərdən, yaşlı nəslin nümayəndələrindən
asılıdır. Biz bu missiyanı layiqincə
yerinə yetirməyə çalışırıq.
Xaqani 25... Əvvəllər
İttifaqın sıravi üzvü kimi
gəlib getdiyim bu binaya son 22 il ərzində
məsul vəzifə sahibi kimi gəlirəm.
Neçə nəsil böyük yazıçılarımızın
ruhu yaşayan bu binanın pilləkanlarıyla
qalxarkən düşünürəm
ki, divarlar, daşlar insan ömründən
etibarlıdır. Bizdən əvvəlkilər
getdiyi kimi, bir gün biz də gedəcəyik
və bizdən sonra gələnlər
də gedəcək. Bina isə qalacaq.
Yalnız memarlıq abidəsi kimi yox, mənəviyyat
ocağı kimi nəsillərdən nəsillərə
keçəcək.
Nəsil-nəsil insanların
görüşdüyü, bəzən
sevindiyi, bəzən incidiyi, bəzən
küsdüyü, bəzən barışdığı
bir məkan kimi ömür sürəcək.
Xaqani 25 nömrəli ev də şəhərimizin
tarixi yerlərindəndir və bu ünvan
daima ədəbiyyatımızın müqəddəs
məbədi kimi yazıçıların
adıyla bağlı yaşayacaq.
ANAR
Azərbaycan Yazıçılar Birliyinin
Sədri
|