Adətən
biz bu salonda dövlət işləri ilə
əlaqədar olan məsələləri
müzakirə etməyə toplaşırıq.
Ancaq mənim burada olduğum zamanda ilk dəfədir
ki, yazıçıların böyük
bir nümayəndə heyəti ilə
görüşürəm. Bunu özüm
üçün çox əlamətdar hadisə
hesab edirəm.
Sizin demək olar, hamınızla
uzun illərdir ki, şəxsən tanışam,
bir yerdə yaşamışıq, işləmişik,
bir yerdə çox işlər görmüşük.
İndi də bir yerdəyik, ancaq tez-tez
görüşməyə imkan olmur, başınız
qarışıqdır, mənim də
imkanım olmur. Ancaq indi hadisələr
məcbur edibdir. Siz istəsəniz də,
istəməsəniz də, mən də
istəsəm də, istəməsəm
də görüşmək lazımdır.
Çünki siz yeni, növbəti qurultayın
ərəfəsindəsiniz.
Mən düşünürəm
ki, Azərbaycan xalqının müsbət
xüsusiyyətlərindən biri də
odur ki, mədəniyyətə, ədəbiyyata
daim diqqət, qayğı göstərib
və hörmət edibdir. Bilmirəm, bəlkə
səhv edirəm, ancaq yazıçıya,
şairə, mədəniyyət xadiminə
bizim Azərbaycandakı kimi hörmət
və ehtiram bəlkə də az yerlərdə
tapılar. Bunun da kökləri var. Çünki,
bizim ədəbiyyatımız da, mədəniyyətimiz
də zəngindir, ədəbiyyatımızı,
mədəniyyətimizi və tariximizi
zənginləşdirən dahi şəxsiyyətlərimiz
də olubdur. Ona görə də xalq bu
şəxsiyyətlərlə həmişə
fəxr edərək, onların yaratdıqları
əsərləri həmişə sevə-sevə
oxuyaraq mədəniyyətə, ədəbiyyata
hörməti nəinki saxlayıb, hətta
artırıbdır. |
Biz məmnun
olmalıyıq ki, həyatımızın
bu keçid, ağır dövründə
də bu hissiyyatlar, münasibətlər
dəyişməyibdir. Mən belə hesab
edirəm. Şübhəsiz, mədəniyyətə,
ədəbiyyata həm xalq, insanlar, həm
də dövlətlər tərəfindən
qayğı həmişə lazımdır.
Bu qayğı mənəvi nöqteyi-nəzərdən
keçmiş zamanlara nisbətən bəlkə
indi də azalmayıbdır. Amma ola bilər,
bəzi maddi imkanlar nöqteyi-nəzərindən
o qədər deyildir. Ancaq bunlar hamısı
keçicidir, daimi deyildir. Hesab edirəm,
bizim ədəbiyyatımız, mədəniyyətimiz
əsrlər boyu çox ağır sınaqlardan,
mərhələlərdən keçərək
yaşadığı kimi, bu gün də
bu çətin dövrü yaşayıb
keçəcəyik. Güman edirəm ki,
sizin qurultayınız da bu məsələlər
ətrafında fikir mübadiləsi aparacaqdır.
|
Şübhəsiz
ki, mən sizin qurultayın işlərinə
qarışmaq fikrində deyiləm və
bilirsiniz ki, keçmiş zamanlarda da qarışmamışam.
Keçmiş zamanlarda totalitar
rejim dediyimiz vaxtda ən toxunulmaz yerlərdən
biri bizim yazıçılar, mədəniyyət
sahəsi olubdur.
O vaxt bizim mədəniyyətdə,
ədəbiyyatda, ümumiyyətlə
bu mühüm mədəni sahədə
bir ideoloji xətti-hərəkət vardısa,
indi bu da götürülübdür,
yoxdur. Bir partiyanın ideologiyası yoxdur,
bir hakim ideologiya yoxdur. Hamımızın
bir ideologiyamız var: Azərbaycanın
müstəqilliyi və müstəqilliyin
əbədiliyi. Ona görə də indi
yazıçılar və Yazıçılar
Birliyi daha da sərbəst, müstəqildir.
Ancaq buna baxmayaraq, sizin bir oxucunuz kimi, eyni
zamanda ədəbiyyatı sevən adam
kimi, bir də ki, dövlət başçısı
olaraq bu məsələlərdən kənarda
qalmamaq üçün bu gün sizinlə
bu görüşə gəlmişəm.
Sizi dinləmək istəyirəm.
Prezident Sarayı,
28 oktyabr 1997-ci il
|